Journal of Azerbaijan Archeology

Azərbaycan Arxeologiyası dünya meridianlarında

NAXÇIVAN: İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI

Naxçıvan MR paytaxtı Naxçıvan şəhərində, 2018-ci il 7-8 sentyabr tarixlərində “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı”  adlı Beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Türkiyə Cümhuriyyətinin müxtəlif Universitetlərindən və Elmi-tədqiqat İnstitutlarından gəlmiş görkəmli alimlər iştirak etmişlər. Konfransın açılışı Naxçıvan Universitetində keçirildi. Giriş sözü ilə Naxçıvan MR Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov konfrans iştirakçılarını salamladı, Beynəlxalq tədbirin əhəmiyyətindən, Naxçıvandakı islam dövrünə aid maddi-mədəniyyət abidələrindən, elmin və mədəniyyətin inkişafından danışdı, konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Daha sonra plenar iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: İslam mədəniyyətinin yayıldığı məkan”, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Bölgədə islam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu”, İstanbul Universitetinin professoru Oktay Belli “Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti”, Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri Hüseyn Yurttaş “İslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu”,  Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “XII-XIII əsrlər Araz ətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar” mövzularında maraqlı çıxışlar etdilər.

Plenar iclasdan sonra Konfrans işini dörd bölmədə davam etdirdi. “Naxçıvanda islam mədəniyyətinin tarixi” bölməsində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın Müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvan şəhərinin islam mədəniyyətinin paytaxtı seçilməsini şərtləndirən amillər”, AMEA Z,M,Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Qədim xəritələrdə Naxçıvan və Nuh peyğəmbər məqbərəsi”, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva “İslam mədəniyyətinin inkişafında Naxçıvan ziyalılarının rolu”, AMEA Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli “Naxçıvanın XVI əsr tarixinin bəzi məsələləri İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsərində, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev “Tarixçi İsgəndər bəy Münşi və Ordubad” mövzularında yeni faktlarla zəngin maraqlı çıxışlar etdilər.

“Naxçıvanın islam mədəniyyəti: arxeologiyası və memarlığı” bölməsində əsasən arxeoloqlar toplaşmışdılar. Bölmədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi “Naxçıvan Ön Asiyanın İslam memarlığı mərkəzlərindən biri kimi (XII-XIV əsrlər)” AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın türk-islam mədəniyyətinin mülki tikililəri”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix üzrə elmlər doktoru Abbas Seyidov “Qədim Naxçıvan əhalisinin mənəvi həyatında islam mədəniyyətinin yeri”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli “Ordubadın islam dövrü qəbirüstü abidələri (XII-XVII əsrlər)”, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Əli Neməti Babai “Azərbaycanın iki Elxani şəhəri arasında arxeoloji əlaqələr: Naxçıvanın Xaraba-Gilan və Mərəndin Alaki karvansrayları”  mövzularında çıxış edib, Naxçıvanın tarixi və memorial abidələrinin yaranmasında, banisi Əcəmi Əbubəkr oğlu olan Naxçıvan memarlıq məktəbinin rolunu xüsusilə qeyd etdilər.

“Naxçıvanın islam mədəniyyəti: ədəbiyyat və folklorda” bölməsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli”Naxçıvanda ədəbi proses: klassik ənənə və müasirlik”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Baba Nemətulla Naxçıvaninin əsərləri islamşünaslığa töhfə kimi”, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Müasir Naxçıvanın mədəni və mənəvi inkişafında intibah”, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Naxçıvan folklor örnəklərinin tipologiyası”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunu  direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Hindüşah Naxçıvaninin “Siyahül əcəm” əsərinin əlyazma nüsxələri haqqında”  çıxışlarında orta əsrlərdən indiyədək islam mədəniyyətinin təsiri altında yaranmış elmi-ədəbi əsərlərdən, onların əhəmiyyətindən, islam mənəviyyatı çərçivəsində formalaşan folklor nümunələrindən bəhs etdilər.

“Naxçıvanın islam mədəniyyəti mənbələrdə” bölməsində AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Naxçıvanın qədim abidələri və maddi-mədəniyyət nümunələrinə aid ilk tədqiqatlar”, AMEA Nizami adına ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi “Özbək mənbələrində Naxçıvan”, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “Övliya Çələbinin “Səyahətnamə” əsərində Naxçıvanın türk-islam abidələri”, İstanbul Universitetinin müəllimi Güzin Sürhan Belli İslam mədəniyyətində mətbəx” mövzularında tarixi mənbələrin məlumatlarına əsaslanan  maraqlı çıxışlar etdilər.

Beynəlxalq Konfransın dörd bölməsində 44 məruzə dinlənildi.

8 sentyabrda Beynəlxalq Konfransın iştirakçıları “Xan sarayı” Tarix-memarlıq Kompleksi, Mömünə Xatun türbəsi və Aşıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Qarabağlar Türbə Kompleksi və Nehrəm kənd məscidi ilə tanış oldular.

AMEA Naxçıvan Bölməsinin böyük akt zalında keçirilən yekun iclasında Bölmə rəhbərlərinin hesabatları dinlənildi, konfransın işinə yekun vuruldu.

 

Bəhlul İbrahimli