Journal of Azerbaijan Archeology

AZAD MÜƏLLİM ZEYNALOV – 65

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dossent, paleolitşünas alim Azad Zeynalovun 65 yaşı tamam olur. 40 ilə yaxın bir müddətdə bu sahədə tədqiqatlar aparan Azad müəllim, Azərbaycanda və Rusiyada bu dövr ilə bağlı aparılan tədqiqatlarda iştirak etmiş və onun tədqiqatları xüsusilə, orta paleolit, alt paleolit və bu dövrlərin keçid mərhələsini əhatə edir.

Bu günə kimi ölkəmizdə paleolit dövrü ilə bağlı 8 mağara öyrənilmişdir ki, onlardan biri də Qazmadır. Naxnıvan MR Şərur rayonun Tənənəm kəndi ərazisində yerləşən Qazma mağarası 1983-cü ildə M.M.Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır, 1987–1990-cı illərdə M.M.Hüseynovun, 2008–2011 və 2013-cü illərdə A.Ə.Zeynalovun rəhbərliyi ilə tədqiq olunmuşdur. Burada aparılmış tədqiqatlar əsasında A.Zeynalov “Naxçıvan paleoliti” adlı fəlsəfə doktoru elmi işini müdafiə etmişdir. Mövzu ilə bağlı bir çox məqələ o cümlədən 2016-cı ildə “Neandertalların son sığınacağı” adlı əsəri işıq üzü görmüşdür. Əsərdə neadertalların Cənubi Qafqazda miqrasiyası, nəslinin kəsilməsi və onlara xas arxeoloji mədəniyyət təqdim olunmuşdur.

2005-ci ildə A.Ə.Zeynalovun rəhbərliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleolit arxeoloji ekspedisiyasının Gəncə–Qazax dəstəsi, Rusiyalı alimlərin iştirakı ilə, Böyük Qafqazın cənub ətəklərini–Mingəçevir su anbarına qədər Şəki–Zaqatala zonasını, eləcə də Böyük Qafqazın şimal-şərq ətəklərini–Quba–Xaçmaz zonasını əhatə etmişdir. Nəticədə 9 yeni Aşel–mustye tapıntı yerləri aşkar olunmuşdur.

2011–2012-ci ildə Qəbələ rayonunda A.Ə.Zeynalovun, Seul Milli Universitetinin professoru Yi Seonbok iştirakı ilə kəşfiyyat işləri aparılmışdır.

2012-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleolit arxeoloji ekspediyasının A.Ə.Zeynalovun rəhbərlik etdiyi Gəncə–Qazax dəstəsi, Rusiya alimlərinin iştirakı ilə, Mingəçevir su anbarının cənub sahilində, Bozdağın ətəyində, yerləşən Qaraca paleolit tapıntı yerini qeydə almışdırlar və 2013-2021-ci illərdə Qaraca paleolit düşərgəsində arxeoloji qazıntı və Mingəçevir su anbarının ətrafında arxeoloji kəşfiyyat işləri aparılmışdır.

Tədqiqatlar nəticəsində, Azərbaycanın Abşeron yataqlarında, yəni yaşı 1 milyon və ondan artıq olan təbəqələrdə iri iki dəstəli (tərəfli) çopper (təxminən 4-5 kq ağırlığında) tapılmışdır ki, bu, Azərbaycan paleolitşünaslığında ilk dəfədir. Bu vaxta qədər Azərbaycanın ərazisində yeganə ən qədim paleolit düşərgəsi Azıx idi və bu nəhəng alətlər yalnız orada tapılmışdır. Bu isə qədim insanların bu ərazidə Abşeron dövründə təkcə mağaralarda yox, eyni zamanda mağaralardan kənarda yaşadıqlarını göstərir. Azıx mağarasından kənarda, Qaraca paleolit düşərgəsində Quruçay mədəniyyətinə aid daş alətin tapılması yeni mədəniyyətin elmi dövriyyəyə salınmasının düzgün və əsaslı olduğunu göstərdi, eləcə də Mərkəzi Dağıstanda (Aynikab 1, Muxkay 1, Muxkay 2, Muxkay 2a və Qeqalaşur 3) aparılmış tədqiqatlar bu mədəniyyətin yayılma arealı və onların yaradıcılarının miqrasiyası, məskunlaşması haqqında dolğun biliklər əldə etməyə imkan vermişdir.

Məlum olduğu kimi, 1953-cü ildə S.N.Zamyatinin və M.M.Hüseynov tərəfindən qeydə alınmış Damcılı mağarası, 1956–1957-ci illərdə tədqiq olunmuşdur. 2016–2019-ci illərdə Azərbaycan–Yaponiya birgə beynalxalq ekspedisiyası Damcılı mağarasında apardıqları tədqiqatları davam etdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfdən tədqiqatlara A.Ə.Zeynolov rəhbərlik etmişdir (2016-2018). Tədqiqatlar nəticəsində 2 məqalə beynəlxalq jurnalda nəşr olunmuşdur, bir neçə beynəlxalq konfransda məruzə olunmuşdur. Qeyd etmək lazımdır ki, tədqiqatların nəticəsi Orta Kür hövzəsində mezolit-dövründən neolit dövrünə keçid, başqa sözlə regionda neolitin genezisi ilə bağlı əsaslı məlumatlar verəcək, digər tərəfdən paleolit elminə dəyərli bir töhvə olacaq.

A.Ə.Zeynolovun rəhbərlik etdiyi işçi qrupun təşkilatçılığı ilə 2018-ci ildə “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə tanınmış mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın sonunda qəbul olunan qətnamədə konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini qeyd etmiş, yekdilliklə Azıx mağarasının VII-X təbəqələrdə aşkar olunmuş daş alətləri insan əməyinin nəticəsi kimi qəbul etmişdirlər.

Qeyd etmək lazımdır ki, A.Ə.Zeynalov apardığı tədqiqatlar ilə bağlı, dəfələrlə İran İsalam Respublikasında, Cənubi Koreyada və Rusiya Federasiyasında məruzə ilə çıxş etmişdir.

Hazırda A.Ə. Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin (EİF-BGM-4-RFTF-1/2017) qalibi olmuş “Pleystosen dövrünün erkən mərhələlərində Xəzər dənizinin dinamikası və qədim insanın ona uyğunlaşması” rəhbəri kimi, bu istiqamətdə aparılan tədqiqatlara rəhbərlik edir.

44 günlük Vətən Müharibəsi nəticəsində, bir cox torpaqlarımız ilə bərabər Azıx mağarası da düşmən tapdağından azad oldu. Məlum olduğu kimi, burada düşmən ölkənin təşkilatçılığı ilə “qazıntılar” aparılmışdır. Sevindirici haldır ki, əldə olunmuş bir çox nümunələr qəhrəman əsgərlərimiz tərəfindən aşkar olunmuşdur. Hələ 1992-ci ildə I Qarabağ müharibəsində zabit kimi iştirak etmiş A.Ə.Zeynalov, bu dəfə də həyatını risqə ataraq, aşkar olunmuş materiallar Bakıya gətirilərilməsində bilavasitə iştirak etmişdir. Materiallar AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun “Elmi fond və ekspozisiya şöbəsi” nə təhvil verilmişdir.

Hörmətli, alimimiz A.Ə.Zeynalovu 65 illik yubleyi münasibəti ilə təbrik edir, bundan sonrakı elmi işlərində uğur arzu edirəm.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, elmi işçi Yaqub Məmmədov.