Journal of Azerbaijan Archeology

Yaqub Vaqif oğlu Məmmədovun “Homo cinsinin Cənubi Qafqazda məskunlaşması” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib

22 Oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən ED 1.13 Dissertasiya Şurasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dissertantı Yaqub Vaqif oğlu Məmmədovun “Homo cinsinin Cənubi Qafqazda məskunlaşması (arxeoloji və paleoantropoloji materiallar əsasında)” mövzusunda, 5505.02 – “Arxeologiya” ixtisası üzrə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertantın elmi rəhbəri tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə, rəsmi opponentləri tarix elmləri doktoru, professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru, dosent Məlahəh fərəcova və tarix üzrə fəlsəfə doktor Hicran Mahmudova olmuşdur.

Homo cins inin meydana gəlməsi və miqrasiyası məsələsi arxeologiya, antropologiya elmlərinin öyrəndiyi əsas məsələlərdən biridir. Xüsusilə bu sahədə daş dövrü arxeologiyası və bioloji antropologiyanın əsas bölmələrindən olan paleoantropologiyanın xidmətləri böyükdür. Əldə olunmuş maddi mədəniyyət nümunələri və paleoantropoloji qalıqlar bizə Homonun tədrici inkişafı, miqrasiyası və məskunlaşması formalarını və şərtlərini araşdırmağa imkan verir. Bu baxımdan Cənubi Qafqazda aprılmış arxeolji qazıntılar nəticəsində əldə olunmuş arxeoloji və paleoantropoloji nümunələrin tədqiqi əhəmiyyətlidir.

Cənubi Qafqaz regionunda ötən əsrin 30-cu illərindən etibarən aparılmış arxeoloji tədqiqatların nəticələrinin kompleks şəkildə tədqiq olunması zərurəti də mövzunun aktuallığını şərtləndirən əlamətlərdəndir. Dissertasiya işində ən aktual məsələlərdən biri erkən Homo növlərinin miqrasiyasının paleoiqlimi, paleocoğrafiyanı nəzərə alınmaqla öyrənilməsi, əmək alətləri və paleoantropoloji qalıqlar əasında onların təkamülü məsləsinin müəyyənləşdirilməsidir.

Tədqiqatın əsas məqsədi son illərdə dünyada bu sahədə aparılmış tədqiqatların nəticələrinə nəzər salmaq, əldə olunmuş qəbul olunan nəticələrin, bu zamana qədər Cənubi Qafqaza dair aparılmış tədqiqatların nəticələri ilə müqayisə etmək, regionda Homo erectus, Homo heidelbergensis, Homo neandertalensis, Homo sapiens sapiens növünün məskunlaşması, təkamülü və miqrasiyası məsələlərini araşdırmaqdan ibarətdir.

Dissertasiya işi yazılarkən Cənubi Qafqazda homo cinsinin meydana gəlməsi, məskunlaşması və miqrasiyasına aid maddi və paleoantropoloji qalıqlarının öyrənilməsində müasir arxeologiya elmində qəbul edilmiş tipoloji təhlil metodundan və arxeoloji dəlillərin mənbə məlumatları ilə uzlaşdırılmasındakı müqayisəli təhlil metodundan istifadə olunmuşdur.

Dissertasiyanın elmi yeniliyi ilk növbədə onunla müəyyənləşir ki, ilk dəfə olaraq kompleks şəkildə Homo cinsinin və onun növlərinin meydana gəlməsi, yayılmasında Cənubi Qafqazın yeri məsələsi araşdırılmışdır. Bu zamana qədər aparılmış tədqiqatların nəticələri ümumiləşdirilir və müasir yeni konseptual yanaşma ortaya qoyulmuş, Homo cinsinin müxtəlif növlərinin (Homo erectus, Homo heidelbergensis, Homo sapiens neanderthalensisin və anatomik müasir insanın) təkamülü, sosial həyatı və eləcə də onların əmək alətlərinindəki texnoloji tipoloji dəyişkənlik regionun paleoiqlim və paleocoğrafiyası nəzərə alınmaqla tədqiq olunmuşdur.

Dissertasiyada, gətirilən arxeoloji və yazılı materiallardan, müqayisəli təhlilərdən, çıxarılan nəticələrdən belə qənaətə gəlmək olar ki, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın qədim daş dövrü tarixinin öyrənilməsində, regionun erkən homo növlərinin miqrasiya və təkamül aspektinin tədqiqində, Cənubi Qafqaz və Azərbaycanın daş dövrü arxeologiyası, paleoantropologiyasına dair dərsliklərin və monoqrafiyaların yazılmasında, gələcəkdə Universitetlərdə bu istiqamətlərdə dərs vəsaitinin hazırlanmasında, bu sahədə araşdırma aparan mütəxəssislər, doktorantlar, eləcə də tələbələr üçün əhəmiyyətli ola bilər.

Y.V.Məmmədovun “5505.02 – Arxeologiya” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşıya qoyduğu bütün tələblərə cavab vermiş və onun müəllifi tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduği qərara alınmışdır. Çıxışlarda sonra Elmi Şura üzvə üzvlərinin gizli səs verməsində yekdilliklə lehinə səs verilmişdir.

Yaqub müəllimə bundan sonrakı fəliyyətində də uğurlar edirik.