Journal of Azerbaijan Archeology

Qarabağın elmi və mədəni dirçəlişi

“Qarabağ neolit-eneolit ekspedisiyası” tədqiqat planına əsasən, 2020-2021-ci illər çöl tədqiqat mövsümündə Füzuli rayonu Horadiz kəndinin ərazisində yerləşən Lələtəpə neolit dövrü yaşayış yerində arxeoloji qazıntı işləri aparmışdır.

Lələtəpə neolit dövrü yaşayış yeri 2019-cu ildə tərəfimizdən qeydiyyata alınmışdır. Hündürlüyü 6,4 m, sahəsi 0,9 ha olan təpə formalı qədim yaşayış yerinin səthi və ətrafları I Qarabağ müharibəsi zamanı dağıldılmışdır. Uzun müddət ərazi ordumuzun dayaq nöqtəsi kimi istifadə edilmişdir. 2016-cı ilin aprel döyüşlərindən sonra təpənin ərazisi boşaldılmışdır.

Şəkil 1. Lələtəpə neolit dövrü yaşayış məskənində aparılmış arxeoloji qazıntının ümumi görünüşü.

Şəkil 1. Lələtəpə neolit dövrü yaşayış məskənində aparılmış arxeoloji qazıntının ümumi görünüşü.

2020- ci ildə arxeoloji tədqiqat işlərinin başlanğıcı olaraq təpə ərazisində topoqrafiq ölçmə işləri aparılmış, ərazinin topoplanı hazırlanmış və onun səthi hər biri 64 kv.m (8x8m) olmaqla kvadratlara bölünmüşdür.

Şəkil 2. Zikkurat və dairəvi planlı tikili qalıqlarının ümumi görünüşü.

Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi (qərb və cənub şərq divarları) aşkar edilib. Mərkəzi hissədə zikkurat tipli platforma yerləşir. Ondan cənubda diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina yaşayış üçün istifadə olunub. Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, neolit dövrü yaşayış yerində məzarlığa ilk dəfədir olaraq rast gəlinir. Məzarlıq F6 kvadratının qərb hissəsində aşkar edilib və təxminən 8 kv.metr sahədə 14 skelet müəyyən edilərək təmizlənmişdir. Skeletlər bükülü vəziyyətdə müxtəlif istiqamətdə qoyulmuşdur. Burada oval quruluşlu qəbir çalaları oxra əlavə edilmiş palçıqla suvanmış, dəfn edilən insanın alt hissəsinə həsir salınmış, üzəri oxra və duru palçıqla örtülmüşdür. Dəfn olunan insanların yanında pasta və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və skipetr aşkarlanıb. Məzarlıqda aşkar edilmiş skeletlərin bir qismi Ankaranın Hacettepe Universitetinin Antropologiya bölümünün rəhbəri prof., Yılmaz Erdalın Bakıya səfəri zamanı onun tərəfindən tədqiq olunmuşdur. Skeletlərdən götürülmüş nümunələrin yaxın zamanlarda Hacattepe Universitetinin (Türkiyə) “Antik DNT laboratoriyası”nda DNT analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcəkdir. Aparılacaq DNT çalışmaları ümumilikdə neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bu nümunələr əsasında abidənin radokarbon tarixlənməsi də veriləcək.

Şəkil 3. 3 saylı qəbirdə izlənilmiş dəfn adəti.

Məlumat üçün qeyd etmək istərdik ki, 2020-ci ldə burada arxeoloji tədqiqat işləri II Qarabağ müharibəsinin başlaması səbəbindən dayandırılmışdır.

Şəkil 5. Həyətdə basdırılmış saxsı küp.

2021-ci ildə aparılmış qazıntılar nəticəsində Lələtəpədə erkən oturaq məskunlaşmanı bir istiqamət üzrə (cənub radiusu boyunca) modelləşdirə bildik. Belə ki, aşkar edilmiş tikili qalıqları və digər artefaktlar bir ailə təsərrüfatına aid kompleksdir. Lələtəpənin erkən sakinləri təpənin təbii torpağından hazırlanmış kərpicdən inşa edilmiş dairəvi evlərdə yaşamış, həyətin mərkəzində “zikkurat” tipli ibadət yerində öz ayinlərini icra edərək vəfat etmiş ailə üzvlərini həyətlərində, ailə məzarlığında dəfn etmişdilər. Həyətlər isə möhrə və kərpic divarlarla möhkəmləndirilmişdir. Təsərrüfat quyularına alternativ olaraq iri təsərrüfat küplərindən istifadə olunmuşdur.

Şəkil 4. 4 saylı qəbirdən aşkar edilmiş sümük skipetr.

Lələtəpə neolit dövrü yaşayış məskəni öz yerləşmə topoqrafiyası, memarlıq quruluşu və aşkar edilmiş digər artefaktları ilə digər həmdövr abidələrdən fərqlənir. Abidənin gələcək tədqiqatları neolit dövründə Qafqaz-Anadolu-İran arasında baş vermiş etnik-mədəni və iqtisadi münasibətlərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən dövrdə Qarabağ bölgəsi cənubdan şimala və ya əksinə proqressiv ənənələrin ötürüldüyü əsas tranzit bölgə funksiyasını yerinə yetirirdi və bu ənənələrdə Qarabağın erkən oturaq əkinçi mədəniyyətinin təşəkkülünü şərtləndirmişdir.

Şəkil 6. Lələtəpə ətrafında gedən döyüşlərdə məhv edilmiş düşmən texnikaları

İmza: t.üf.d., dosent Xəqani Alməmmədov