Journal of Azerbaijan Archeology

Böyük alimin xatirəsinə

Moskvada yaşayan həmyerlimiz, dünya şöhrətli arxeoloq Rauf Maqomedoviç Munçayev 2021-ci il iyulun 4-də ömrünün 93-cü ilində vəfat etmişdir. Böyük alimin ölümü Rusiya, Azərbaycan və beynəlxalq elm üçün çox ağır itkidir. Mesopota-miyanın və Qafqazın qədim mədəniyyətlərinin görkəmli tədqiqatçısı olmuş Rauf Munçayev, zəngin elmi fəaliyyəti və nəsillərə nümunə olacaq həyat yolu ilə yaddaşlarda qalmışdır.

Rauf Munçayev 1928-ci il sentyabr ayının 23-də Azərbaycanın ən gözəl guşələrindən biri olan Zaqatala şəhərində anadan olmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçmişdir. Rauf Munçayev Zaqatalada rus məktəbində orta təhsil almış və artıq orta təhsilin son illərində, gənc yaşlarında rayonun ictimai işlərində çalışmışdır.

Uzun tədqiqat tarixində ən layiqli yerlərdən birini tutan və ən böyük elmi kəşflərə imza atan alimlərdən biri də dünya şöhrətli arxeoloq, həmyerlimiz, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Rauf Munçayev olmuşdur. 1945-ci ildə orta məktəbi bitirdikdən sonra Rauf Munçayev Dağıstan dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1949-cu ildə ali təhsili uğurla başa çatdırmışdır. 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitunun aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. 1953-cü ildə “Dağıstanın tarixində mis və tunc dövrü (e.ə. III-II minilliklər)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. Sonra bir neçə il Dağıstan ərazisində arxeoloji qazıntılar aparmış, bir sıra abidələr, o cümlədən Qafqaz arxeologiyasında mühüm elmi əhəmiyyətə malik abidələrdən biri olan “Çox” yaşayış yerini aşkar etmişdir. 1955-ci ildən ömrünün sonuna qədər REA Arxeologiya İnstitutunda işləmişdir.

R.Munçayevin uzun illər ərzində elmi fəaliyyətinin, çöl tədqiqatlarının əsas hissəsini Dağıstan, Şimali Osetiya, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Stavropol və Şimali Qafqazın digər ərazilərində e.ə. IV-III minilliklərə aid arxeoloji abidələrin öyrənilməsi təşkil etmişdir. Məhz R.Munçayevin arxeoloji qazıntılarla tədqiqatları nəticəsində Bamut kurqanları, Serjenyurt yaşayış yeri və məzarlığı, Ust-Cequta kurqanları, Vəlikənd kompleksi, Luqovo yaşayış məskəni və s. bu kimi abidələr elmdə Şimali və Şərqi Qafqazın göstərilən minilliklərə aid qədim tarixini əks etdirən etalon abidələr kimi dəyərləndirilir.

1961-ci ildə R.Munçayevin “Şimali-şərqi Qafqazın ən qədim mədəniyyəti” adlı ilk monoqrafiyası nəşr olunmuşdur. Bu əsərdə qeyd edilən regionun xalkolit və ilk tunc dövrü abidələri geniş təhlil edilmiş, onların Yaxın Şərq abidələri ilə müqayisələri aparılmışdır. Növbəti on il müddətində R.Munçayev bu tədqiqatlarını bütün Qafqaz abidələri üzrə daha da genişləndirmiş, bununla əlaqədar olaraq dəfələrlə Dağıstana, Azərbaycana, Gürcüstana, Ermənistana, Böyük Britaniya və İraqa səfərlər etmiş, nəticədə Qafqazın qədim dövr arxeologiyası barədə zəngin elmi informasiya bazası yaratmışdır. Məhz bu gərgin elmi axtarışların nəticəsi olaraq R.Munçayev 1971-ci ildə “Qafqaz eneolit və ilk tunc dövründə” (Кавказ в эпоху энэолита и ранней бронзы) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1975-ci ildə R.Munçayev doktorluq dissertasiyasını son materialları əlavə etməklə “Qafqaz tunc dövrü ərəfəsində” (Кавказ на заре бронзового века) adlı çox sanballı bir kitab nəşr etdirmişdir. Bu monoqrafiya bu günə qədər bütövlükdə Qafqazın Neolit, Xalkolit və İlk Tunc dövrlərinə aid abidələrinin qazıntılarının yekunlarının bir kitabda ümumiləşdirildiyi yeganə əsər olaraq qalmaqdadır. Bu kitab Qafqazın e.ə. VI-III minilliklər mədəniyyətlərinin tədqiqatları ilə məşğul olan qafqazşünas alimlərin ən çox müraciət etdikləri mühüm elmi informasiya mənbəyidir.

Əlbəttə, Rauf müəllimin elmi fəaliyyətinin əsasını e.ə. IV minilliyə aid Şimali Qafqazın Maykop mədəniyyəti və Yaxın Şərqin bu mədəniyyətlə bağlı arxeoloji komplekslərinin araşdırılması təşkil etmişdir. Abidələrinin ilk dəfə qazıntılarına hələ XIX əsrin sonlarından başlanmış Maykop mədəniyyəti görkəmli qafqazşünas arxeoloqlar A.A.İyessen və Y.İ.Krupnov tərəfindən XX əsrin 60-cı illərinə qədərki mövcud elmi informasiyalar əsasında araşdırılmışdır. Lakin bütövlükdə Avrasiya arxeologiyasında mühüm əhəmiyyət kəsb edən, Rusiya alimləri ilə yanaşı Avropa alimlərinin də diqqət mərkəzində olan Maykop mədəniyyətinin yeri məhz R.Munçayevin arxeoloji qazıntıları, təhlilləri əsasında Qafqaz arxeologiyasında daha dəqiq müəyyənləşdirilmiş, bu mədəniyyətin Mesopotamiya mənşəli olması barədə məsələyə daha ətraflı aydınlıq gətirilmişdir.

1960-cı illərdə R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak etmişdir. O 1969-cu ildən 2010-cu ilədək Mesopotamiyada çalışan ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyadakı e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparmışdır.

Görkəmli alim Rauf Munçayevin adı, zəngin elmi irsi beynəlxalq arxeologiya elminin tarixinə əbədi həkk olunmuşdur. Ona bir daha uca Allahdan rǝhmǝt, yaxınlarına vǝ elm dünyasına baş sağlığı dilǝyirik.

Nəcəf Müseyibli
AMEA-nın Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun şöbə müdiri,
tarix elmləri doktoru, professor necef_museibli@mail.ru